Pandemiya dövründə media orqanları müxtəlif sorğular keçirir, azarkeşləri maraqlandıran araşdırmalar aparırlar.Bu yolla onlar həm diqqət mərkəzində qalır, həm də idman yarışlarının olmadığı bir dövrdə futbolsevərləri  darıxmağa qoymurlar. İspaniyanın nüfuzlu “Marca” və “As” nəşrləri  bu baxımdan sanki bir-birilə bəhsə girib.

Ispaniyanın nüfuzlu “Marca” nəşri dünyanın ən yaxşı stadionunu müəyyənləşdirmək üçün rəy sorğusu  keçirir. Respondentlərə müxtəlif ölkələrin  40 arenasının adı təqdim olunub. Bunların arasında “Santyaqo Bernabeu”, “Old Trafford”, “Nou Kamp”, “Siqnal İduna Park” kimi arenalar favorit sayılır. Sorğuda Rio-de-Janeyronun  əfsanəvi “Marakana” stadionu da var. Xatırladaq ki, bu,  “Marca” qəzetinin 2-ci belə tədbiridir. Əvvəliki səsvermədə Braziliyanın “Palmeyras” klubunun “Alyans Park” arenası 1-ci yeri tutmuşdu. San Paulo şəhərində yerləşən stadion 2014-cü ildə istifadəyə verilib.O, 55 min azarkeş tutur.

İspaniyanın “As” nəşri isə marağlı araşdırması ilə diqqət çəkib. Qəzet Madrid  “Real”ının tarixində  ən uğursuz futbolçularının heyətini tərtib edib. Qapıçı mövqeyində argentinalı Albano Bissari qərarlaşıb. Müdafiə xəttində  dörd futbolçunun - Karlos Dioqo, Conatan Vudqeyt, Predraq Spasiç və Fabio Koentraonun adı çəkilib. Yarımmüdafiədə Jülyen Fober, Pablo Qarsiya və Tomas Qravesen, hücumda isə Antonio Kassano, Elver Baliç və Royston Drente kral klubunun ən uğursuz oyunçuları sayılıb. Qeyd edək ki,  “As” nəşri daha sonra Fabio Koentranonu Edvin Konqo, Predraq Spasiçi isə Valter Samuellə əvəzləyib.